Son günlər davam edən anomal isti hava şəraiti ilə əlaqədar Azərbaycan Ordusunda profilaktik tədbirlər həyata keçirilir.
Doğru.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin məlumatına görə, hərbi qulluqçular arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədilə bütün hərbi hissələrdə və təhsil müəssisələrində ciddi nəzarət və tibbi-profilaktik tədbirlər görülür.
Döyüş hazırlığı əsasən kölgəlik ərazilərdə təşkil olunur, açıq havada xidmətlər minimuma endirilib. Hərbçilər kazarma şəraitində yerləşdirilir, istirahət və xidməti otaqlar kondisionerlərlə təchiz olunub, havalandırma sistemi nəzarətdə saxlanılır.
Bundan əlavə, hərbi hissələrdə əlavə su məntəqələri, sərin duş yerləri qurulub və şəxsi heyət fərdi su qabları ilə təmin edilib.
DOGRU.AZ