Ermənistan hökumətinin strateji müəssisələrlə bağlı siyasətində ciddi dəyişikliklər baş verir. Rusiyalı politoloq Andrey Areşevin sözlərinə görə, baş nazir Nikol Paşinyanın türk sərmayədarlarını “Ermənistanın Elektrik Şəbəkələri” ilə maraqlandırmaq istədiyi barədə məlumatlar yayılıb.
Doğru.az xəbər verir ki, Areşev bu barədə açıqlamasında Paşinyanın gələcəkdə bu müəssisəni Türkiyədən olan investorların istifadəsinə verməyi planlaşdırdığına dair ehtimalların mövcud olduğunu bildirib.
Ekspertin sözlərinə görə, Paşinyan hökuməti hazırda iş adamı Samvel Karapetyanın mülkiyyətini milliləşdirmək xəttini davam etdirir. Bu istiqamətdə ilk addım kimi “Ermənistanın Elektrik Şəbəkələri” seçilib və müvafiq qanun layihəsi Ermənistan parlamentində yekun oxunuşda qəbul olunub.
Areşev qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin son vaxtlar intensivləşməsi fonunda bu addımlar rəsmi İrəvanın xarici siyasət kursunu göstərir. Onun fikrincə, bu siyasət Ermənistanın Rusiyadan uzaqlaşıb Türkiyə və Azərbaycanla yaxınlaşmaq cəhdidir.
Politoloq əlavə edib ki, iyulun sonunda Dubayda Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında mümkün görüşlə bağlı xəbərlər də bu kontekstdə nəzərə alınmalıdır. Görüşdə sülh müqaviləsinin ilkin razılaşdırılması və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr ehtimal olunur.
Areşev onu da bildirib ki, Paşinyanın və komandası reytinq itirdiyi üçün seçkilərə qədər xarici siyasət sahəsində nəticələr nümayiş etdirmək istəyir: “Eyni zamanda, daxili müxalif qüvvələri zəiflətməyə də çalışırlar”.
Qeyd edək ki, Ermənistan parlamenti bir gün əvvəl həbsdə olan iş adamı Samvel Karapetyanın “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsinə dair qanunları qəbul edib. Politoloq Artur Xaçikyan isə bu qərarı Ermənistan hakimiyyətinin həm Karapetyana, həm də Erməni Apostol Kilsəsinə qarşı repressiv addımı kimi dəyərləndirib.
DOĞRU.AZ