Yollarda baş verən ağır nəticəli qəzaların əsas səbəblərindən biri ötmə qaydalarının pozulmasıdır.
Doğru.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilir ki, belə halların yaranmasına çox zaman yüksək sürət, riskli manevrlər və sürücülərin yol şəraitini düzgün qiymətləndirməməsi təsir göstərir.
Xüsusilə əks istiqamətli hərəkət zolağına çıxaraq riskli ötmə aparılması ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bu cür toqquşmalarda nəqliyyat vasitələrinin sürətləri bir-birinə qarşı yönəldiyi üçün zərbə qüvvəsi kəskin artır və nəticə çox vaxt faciəvi olur.
Müraciətdə qeyd edilir ki, ötmə əməliyyatı yalnız yol nişanları və yol-hərəkət qaydaları ilə icazə verilən yerlərdə həyata keçirilməlidir. Qarşı hərəkət zolağına çıxmazdan əvvəl təhlükəsizlik tam qiymətləndirilməli və risk yaradan heç bir addım atılmamalıdır.
BDYPİ sürücüləri diqqətli olmağa, qaydalara riayət etməyə və təhlükəsizliyin təmin olunmasına məsuliyyətlə yanaşmağa çağırır: “Unutmaq olmaz ki, sükan arxasında edilən hər səhv addım təkcə sürücünün deyil, bütün hərəkət iştirakçılarının həyatını risk altına salır.
DOĞRU.AZ




























