image-2000x150px
image-219163_wqyzpao0eibackend

Qələmsiz yazılanlar – Rəşad Məcidin status-esseləri

image-728x90px
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru

Torpaq insan nəfəsi dəydikcə canlanar.

Zəngilana ilk köçün ayağı sayalı olsun!..

lll

Sosial şəbəkələrdə paylaşılan statuslarda yazıçı və şairlərin bir-birinə kin-küdurət püskürməsi üzücü mənzərədir.

lll

Media savadlılığı: hər bir fərdin məsuliyyəti

Toplumun, cəmiyyətin bir üzvü kimi hər kəsin barəsində düşünməsi vacib olan bir çox məqamlar Mətbuat günü ərəfəsində daha qabarıq görünür. Sürətli zaman, ondan da sürətli, ondan da dinamik inkişaf edən informasiya və kommunikasiya texnologiyaları bütün fəaliyyət sahələrində hərəkətliliyi, dəyişikliyi zərurətə çevirib. Bu dəyişikliklərin müasir cəmiyyətin ən önəmli atributlardan biri sayılan media sahəsinə də təsiri qaçılmaz və danılmazdır. Bu məsələlərə bir neçə ay öncə qüvvəyə minmiş Media qanununda da yer ayrılıb. Bir sıra yeni nüanslarla yanaşı, qanuna “Media savadlılığı” termini əlavə edilib və burada ictimaiyyətin bilgi, məsuliyyət məsələsi öz əksini tapıb. Az qala hamının jurnalist olduğu, blogerlərin, influenserlərin, fəal sosial şəbəkə istifadəçilərinin xəbər yaydığı, şərh verdiyi, münasibət bildirdiyi indiki zamanda hər kəsin özünün cəmiyyət qarşısındakı məsuliyyətini anlamasına ciddi ehtiyac var. Təhqir, böhtan, şantaj, yalan kimi hüquqi məsuliyyət nəzərdə tutan hallar, əslində, hər bir fərdi əhatə edir. Buna görə də peşəsindən və sosial statusundan asılı olmayaraq hər bir normal insan reytinq, layk xatirinə insanların psixikasına mənfi təsir göstərən hadisələr barədə xəbərlərin hay-küylə yayılıb tirajlanmasının, təbliğ və təşviqinin cəmiyyətdə böyük fəsadlar törədə biləcəyini başa düşməyə borcludur.

Özünü Yeni jurnalistikanın təmsilçiləri sayan şəxslərin ən azından Jurnalistlərin qurultayında səs verdikləri Peşə davranış qaydaları və Peşə etikası kodeksi ilə tanış olmaları, o sənədlərin müddəalarına ciddi yanaşmaları onların cəmiyyət qarşısında öz məsuliyyətini dərk etdiklərini göstərən ilk addım sayıla bilər. Əks halda bu xaotik mənzərənin yaratdığı sarsıntılardan cəmiyyət olaraq hər birimiz əziyyət çəkəcəyik.

Ağız deyəni qulaq eşitmədiyi məkanların dözülməzliyini tarixən xalqımız çox dəqiq qiymətləndirib və həmişə də ondan uzaq durmağa çalışıb.

lll

Ağcabədidə Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində “Aran” qəzetinin 90 illik yubiley tədbirinə qatıldım, çıxış etdim, xatirələrimi bölüşdüm, bu qəzetin 12 iyun 1982-ci il sayında çap olunan ilk şeirlərimi yada saldım və Mətbuat Şurasının diplomunu qəzetin baş redaktoru Məhsəti Musaya təqdim etdim.

Bölgələrimizdə qəzetlərimizin yaşaması, varlığını qoruması, inkişafı və maraqla qarşılanması yaradılan şəraitin və istedadlı jurnalistlərin zəhmətinin bəhrəsidir.

lll

Cıdır düzündə axşamçağı

İşğaldan öncə, xüsusən yay aylarında axşamçağı Cıdır düzü şenlikli və gur olardı. Şuşalılar və şəhərə gələn qonaqlar gün əyilənə yaxın Cıdır düzünə seyrə çıxardılar.

Çox şükür ki, o gözəl ənənə, hələlik bir qədər fərqli forma və tərkibdə olsa da, yenə bərpa olunur. Dünən axşamüstü Şuşada Media Forumunda iştirak edən jurnalist heyəti Cıdır düzündən enərkən yenə tanış mənzərənin şahidi oldum: qadınlar, uşaqlar dəstə-dəstə Cıdır düzünə axışırdılar. Soruşanda dedilər ki, hərbçilərimizin ailələridir. Yəqin yayı ailə başçılarının – qəhrəman zabitlərimizin yanında keçirməyə gəlmişdilər; Cıdır düzünə min ilin sakinləri kimi qürurla, şəstlə qalxırdılar. Düşündüm ki, bu, ən çox elə onların haqqıdır…

Tanrı xilaskar Ordumuzu, igid hərbçilərimizi qorusun!

lll

Yuxuda Əjdər Olu gördüm. Məşhur misralarını xatırladım:

“Sevgilimtək qoluna girdim,

Azərbaycanım!

Ölmədim, ağ gününü gördüm,

Azərbaycanım!”

“Yoxolmuş yox olub yoxa çıxacaq,

Bayrağım yeriyib dağa çıxacaq,

Laçına çıxacaq, Tuğa çıxacaq,

Həsrətdən güc aldıq, sevgidən qida,

Qarabağ bizimdir, bizim və nida!”

“Ağrılara, əzablara darılma,

Öz işindən bərk-bərk yapış, yorulma,

Çalış ölmə, çalış itmə, vurulma,

Canım-gözüm, ömür elə budur, bu!

Tale, qismət deyirdin ha, odur bu!”

“Mən gedər-gəlməzdən qayıda bilsəm,

Dur çıx yol üstünə, gedən gələr də.

Mən gedər-gəlməzdən dönməyib ölsəm,

Ağlama, birdənəm, adam ölər də…”

lll

İstifadəsiz əşyaları, pal-paltarları saxlamayın; evinizə tərəf gələn bərəkəti yayındırır.

lll

Caydırmaq – həm də fikri yayındırmaq, azdırmaq anlamına gəlir.

lll

Savadlı olmaq, xarici dil bilmək heç də yaxşı adam, yaxşı məmur olmaq demək deyil.

lll

Yaltaqlıq qoxusu o dəqiqə hiss olunur. İyrəndirir.

lll

Niyə axı insanlarda bir-birinə qarşı bu qədər kin-küdurət var? Necə olur ki, bir kiçik fürsət düşən, girəvə yaranan kimi insanlar bir-birinin qanını içməyə hazır dayanırlar? Şər-böhtana, yalana, kimisə aşağılamağa bu qədər təşnəlik haradandır? Məğzini bilmədiyi, dəqiqləşdirmədiyi xəbərlərə, şayiələrə çaparaq reaksiya verməyin kökündə nə dayanır?

Bəlkə, bütün günahlar yeni texnologiyalarda, Mark Zükerberqdədir?! Onun elementar tərbiyə və mədəniyyətdən xali, bəsit və yanlış düşüncəli, dilindən söyüş və təhqir əskik olmayanlara belə geniş meydan verməsindədir?! Bir məclisdə yeri olmayan, bir söhbətdə ağzını açmağa haqqı çatmayan səviyyəsizlərə hərzə-hədyan danışmağa imkan yaratmasındadır?!

Bu xaos kimin nəfinə, kimin xeyrinə işləyir?

Deyirlər, dünyanın axırı bu dəfə xaosla, qarmaqarışıqlıqla gələcək. Ağız deyəni qulaq eşitməməsi, düz sözün, ağıllı fikirin qulaqardına vurulması bəlkə elə o sonun əlamətləridir?

lll

Süni intellekt, robot, könüllü, yeni məmur.

Maraqlı sinonimlərdir.

lll

Cümləni oxuyub qavrayanlar, sözü başa düşənlər azalır…

lll

Həyəcan yaşadan belə oyun nadir hallarda olur.

Yaşa,”Qarabağ”!

lll

“Neftçi” “Qarabağ”dan güc aldı.

lll

“Cüməniz mübarək” yazanlar getdikcə çoxalır…

lll

Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılması, nazirliyin yanında iki Dövlət Ağentliyinin yaradılması və AMEA-nın gələcək taleyi ilə bağlı məsələnin geniş izahına ehtiyac var. Konsepsiya müəlliflərinin cənab Prezidentin fərmanını şərh etmələri həm ictimai fikirdə aydın təsəvvür yaradar, həm də AMEA-nın müxtəlif strukturlarında çalışan minlərlə əməkdaşın nigarançılığına su səpmiş olar.

Yoxsa elə təsəvvür yaranır ki, bu olanların səbəbkarı bir TV süjetidir.

lll

Boş gurultudan, bəlağət və pafosdansa, susmaq yaxşıdır.

lll

“AMEA qalacaq, yeni struktur yaradılacaq, ixtisarlar olmayacaq”.

lll

Yaylaq festivalının keçirilməsi müsbət hadisədir. 2019-cu ildə ilk dəfə Gədəbəydə keçiriləndə iştirak etmişdim. Xoş təəssüratlar indiyəcən qalıb. Builki Yaylaq festivalından paylaşılan şəkillərdən də göründüyü kimi, xeyli əmək sərf olunub, yaddaqalan tədbirin keçirilməsinə çalışılıb.

Yəqin ki, təşkilatçıların səhvi və təcrübəsizliyi açılışı axşam saatlarına salmaları olub. Havanı, məkanı, şəraiti nəzərə almayıblar.

Sıxıntı çəkən insanlar, o cümlədən, “bir avtobus yazıçı-jurnalistin” narazılığı da başadüşüləndir. Amma yaylağa gedən, dağa qalxan mənəvi və fiziki cəhətdən də hazırlıqlı olmalıdır.

Yaylağın yolu kələ-kötür olar, dağda adamı yağış-boran tutar.

Elə bu cür hadisələrə görə yaylaq unudulmaz olur.

lll

Fb dialoqu:

– Mən yazıçılar kınışkasını necə ala bilərəm?

– Romanı da belə yazmısan?..

lll

Gənc olmağın üstünlüyü də var, çatışmazlığı da…

lll

Siz hələ sözləri düz yazmağı öyrənin, sonra jurnalist adına iddia edərsiniz…

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki