Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Silahlı Qüvvələrin Azərbaycan Böyük Vətən Müharibəsində yaralanmış kapitanı Əli Valeh oğlu Kərimovla görüşüb.
Qazini işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə təbrik edən Komitə sədri onun və silah yoldaşlarının Azərbaycan hərb tarixinin qızıl səhifəsinə düşəcək Zəfərin qazanılmasında fədakarlıqla iştirakına vurğu edib: “Sizin peşəkar hərbçi uğurunuz gələcək yeni hərbçi nəsillərimiz üçün unudlumaz örnək təşkil edir.
Müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıran siz fədakar qazilərimiz, başda Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalqımızın birliyini dünyaya göstərdiniz.
Sizin xilaskarlıq missiyanız mədəniyyət beşiyimiz Şuşa şəhərinin, tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, ibadətgahın, abidənin də bərpası, təmiri üçün imkanlar açıb”.
Komitə sədri ali dövlət rəhbərliyinin yaralı hərbçilərimizə xüsusi diqqət və qayğısının hər bir məmur, millət vəkili, işadamı üçün örnək təşkil etdiyini bildirib.
Kapitan Kərimov Komitə sədri ilə öz döyüş təəssüratlarını bölüşüb, iştirakçısı və şahidi olduğu qəhrəmanlıq səhnələrindən danışıb.



























