Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-25 aprel tarixlərində Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 21-də Toktokul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti olub.
Gecədə hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Mirbek Mambataliyev, TÜRKSOY-un baş katibi Sultan Raev, digər rəsmilər, tanınmış mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər.
Qala konsertdən öncə nazirlər Adil Kərimli və Mirbek Mambataliyev çıxış edərək mədəniyyətin xalqlarımızın qardaşlığını daha da möhkəmləndirdiyini bildiriblər. Bu qəbildən mədəniyyət layihələrinin davamlı təşkilinin əhəmiyyəti vurğulanıb.
Sonra səhnə incəsənət ustalarına verilib.
İlk olaraq “Qarabağ” orkestri “Dostluq kompozisiyası”nı təqdim edib.
Sonra Azərbaycan Dövlət Rəqs Ansamblı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının mövzularına “Fantaziya”, “Nəlbəki”, “Qaytağı”, “Uzundərə” rəqslərinin ifası ilə tamaşaçıların könlünü fəth edib.
Əməkdar artist Şirzad Fətəliyev (balaban) Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Xalq artisti, xanəndə Teyyub Aslanov “Şuşanın dağları” xalq mahnısını, Səxavət Məmmədov, Nurlan Cəbizadə və Atay Oqonbayev “Maş botoy” (komuz) Tofiq Quliyevin “Qaytağı”, Əməkdar artist İnara Babayeva qırğız bəstəkarı Kalıy Moldabasanovun “İssık göl”, Əməkdar artist Xəyyam Mustafazadə Üzeyir Hacıbəyovun “Sevgili canan”, Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova (duet) Bəhram Nəsibovun “Qarabağ”, Aşıq Samirə və Aşıq Əli Rza Qobustanlının “Gözəldir” və qırğız xalq mahnısı “Komuzçu”, “Qaya” vokal ansamblı Oqtay Kazıminin “Ey həyat” və Vasif Adıgözəlovun “Mən gəzirəm” və Nərgiz Kərimova Muratbek Beqaliyevin “Qırğızıstan” əsərlərini ifa ediblər.
Təntənəli gecə Nərgiz Kərimova, Fatimə Cəfərzadə və Xəyyam Mustafazadənin birgə ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” (sözləri Nəbi Xəzrinin) mahnısının sədaları və tamaşaçıların sürəkli alqışları ilə sona çatıb.
Konsertin sonunda iki ölkənin nazirləri səhnəyə çıxaraq ifaçıları təbrik ediblər.
DOĞRU.AZ