image-2000x150px
image-123
image-ads_atlas
image-171897918486755556_1200x630backend

Qırğızıstanın Azərbaycandakı səfirinin ölkəmizdə diplomatik fəaliyyəti başa çatır

image-728x90px

İyunun 21-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyevlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Doğru.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan dərin strateji tərəfdaşlıq münasibətlərindən, liderlər arasında artan siyasi təmaslardan və genişlənən əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Nazir Ceyhun Bayramov ölkəmizdə diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafında səylərinə görə qarşı tərəfə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzulayıb.

Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın əsasında iki ölkə və xalqlarımız arasında mövcud qardaş və dost münasibətlərin, həmrəyliyin, qarşılıqlı dəstəyin dayandığı məmnunluqla vurğulanıb.

Bir çox istiqamətlər, xüsusilə qarşılıqlı investisiyalar, nəqliyyat və kommunikasiyalar kimi sahələr üzrə əməkdaşlığın geniş perspektivlərinin olduğu, mövcud potensialdan istifadənin zəruriliyi diqqətə çatdırılıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində artan dinamikanın təqdirəlayiq olduğu bildirilib.

Nazir Ceyhun Bayramov Qırğızıstanın ölkəmizin yenidənqurma və sülh səylərinə dəstəyini minnətdarlıqla qeyd edib.

Səfir Kayrat Osmonaliyev Qırğızıstanın Azərbaycanda səfiri kimi çalışdığı müddətdə göstərilən dəstəyə görə təşəkkürünü bildirib, iki ölkə arasında strateji xarakter daşıyan tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki