Elmi ad və titulların ləğvi dünya təcrübəsində nadir, lakin mövcud olan hallardandır. Tarixdə plagiat, siyasi mövqe və ya dövlətə qarşı fəaliyyət iddiaları səbəbilə alimlərin ad və imtiyazlardan məhrum edilməsi faktları var.
Modern.az xəbər verir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin akademik elmi adından məhrum edilməsinə hazırlıq fonunda keçmişdə baş verən analoji hallar barədə yazını təqdim edir.
Ermənipərəst Sovet fiziki, Nobel mükafatçısı Andrey Saxarov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə bütün dövlət təltiflərindən və akademik imtiyazlarından məhrum edilərək Qorki şəhərinə sürgün olunmuşdu. O, yalnız 1986-cı ildə Mixail Qorbaçev tərəfindən reabilitasiya edildi.
Daha bir Nobel mükafatı laureatı, amerikalı Ceyms Uotson da elmi adlardan məhrum edilən şəxslərdən sayılır. O 2007-ci ildə irqçi açıqlaması ilə gündəmə gəlmişdi.
Həmin şərhindən sonra Uotson Cold Sprinq Harbor Laboratoriyasındakı işini itirdi və bütün inzibati vəzifələrindən uzaqlaşdırıldı. O, üzr istəsə də Fəxri Kansler, Fəxri Professor və Fəxri Qəyyum titullarını itirdi.
2023-cü ilin iyununda ukraynalı siyasətçi və keçmiş parlament üzvü Viktor Medvedçuk Milli Hüquq Elmləri Akademiyasının akademik titulundan məhrum edilib. Medvedçuk rusyönümlü fəaliyyətinə kəskin tənqid olunub və sonradan əsir mübadiləsi zamanı Rusiya tərəfinə təhvil verilib.
Azərbaycanda da elmi dərəcədən məhrumetmə halları mövcuddur. Keçmiş səhiyyə naziri, akademik Əli İnsanov bir qrup şəxslə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girmək, külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifədən sui-istifadə etmə, külli miqdarda və təkrar rüşvət alma, vəzifə saxtakarlığı və məhkəmə qərarlarını qəsdən icra etməmə kimi cinayət əməllərinə yol verdiyi üçün 11 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Bu münasibətlə 2007-ci il mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında Əli İnsanov AMEA həqiqi üzvlüyündən gizli səsvermə yolu ilə xaric edilmişdi.
Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev 2021-ci ildə plagiat faktı təsdiqlənmiş bir şəxsin fəlsəfə doktoru elmi dərəcəsindən məhrum edildiyini açıqlamışdı. Bu, AAK tarixində ilk belə qərar kimi qeydə alınmışdı.
2025-ci il dekabrın 30-da isə Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov professorluq statusundan məhrum edilib. Qərarın səbəbi ictimaiyyətə açıqlanmayıb.
Hazırda oxşar müzakirələr Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ətrafında aparılır. İstintaq orqanlarının təqdim etdiyi materiallarda onun ağır cinayətlərdə ittiham olunduğu bildirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında sabiq məmurun külli miqdarda vəsaiti leqallaşdırdığı iddia olunur.
Cinayət Məcəlləsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edilən şəxslərin rütbə, fəxri ad və təltiflərinin geri alınması mümkündür. Bu baxımdan Ramiz Mehdiyevin də müxtəlif vaxtlarda aldığı fəxri ad və mükafatların taleyi gündəmə gəlib.
Artıq bu istiqamətdə ilk addımların atıldığı bildirilir. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Ramiz Mehdiyevin akademik titulundan məhrum edilməsi məsələsinin müzakirəsi üçün toplantı keçiriləcəyi açıqlanıb. Qərarın nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.
DOĞRU.AZ


























