İspaniyanın nəhəng futbol klubu “Real Madrid” 2025-ci ilin yay transfer dönəminə böyük planlarla hazırlaşır. Klub rəhbərliyi müdafiə xəttindəki çatışmazlıqları aradan qaldırmaq üçün heyətə iki yeni müdafiəçi cəlb etməyi qarşıya məqsəd qoyub.
Doğru.az xəbər verir ki, bu barədə tanınmış transfer insayderi Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, “Kral klubu”nun diqqət mərkəzində hazırda iki futbolçu yer alır:
Vilyam Saliba (“Arsenal”, İngiltərə)
Aleks Qrimaldo (“Bayer”, Almaniya)
Hər iki oyunçu cari mövsüm göstərdikləri performansla Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb. Saliba müdafiənin mərkəzində stabil oyunu ilə seçilirsə, Qrimaldo cinah müdafiəçisi kimi həm müdafiə, həm də hücum planında yüksək effektivliyə malikdir.
Hazırda “Real Madrid” baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında La Liqada 75 xalla ikinci pillədə qərarlaşıb və çempionluq uğrunda mübarizəni davam etdirir.
Transferlərlə bağlı rəsmi qərarın qarşıdakı həftələrdə verilməsi gözlənilir.
DOĞRU.AZ