Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edib.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Görüş zamanı Şahbaz Şərif Pakistanla daim sarsılmaz həmrəylik və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına dərin minnətdarlığını ifadə edib. O qeyd edib ki, Azərbaycanın nümayiş etdirdiyi mövqe iki ölkə arasında səmimi dostluğun və qardaşlığın bariz nümunəsidir.
Baş nazir bölgədə baş verən hadisələr və əldə olunmuş atəşkəs barədə danışarkən vurğulayıb ki, Pakistan gələcəkdə də mümkün təcavüzlərə qarşı suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazırdır.
Görüşdə həmçinin Azərbaycan-Pakistan münasibətlərinin strateji xarakterindən bəhs edilib. Şahbaz Şərif iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevin ötən ilin iyulunda Pakistana etdiyi səfərin iqtisadi, ticarət və investisiya sahələrində yeni imkanlar yaratdığını bildirib. Öz növbəsində, o, bu ilin fevralında Bakıya etdiyi səfəri məmnuniyyətlə xatırladaraq, Pakistanın bu münasibətləri qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa çevirmək niyyətində olduğunu vurğulayıb.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov da çıxışında Prezident İlham Əliyevin Pakistanla münasibətlərə böyük önəm verdiyini və ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.
DOĞRU.AZ