Jurnalist Enver Aysever barəsində məhkəmədə 3 ilədək həbs iddiası qaldırılıb.
Ajans.az Türkiyə mediasına istinadən xəbər verir, YouTube-da yayımladığı videodakı ifadələrinə görə aparılan istintaq çərçivəsində həbs edilən jurnalist Enver Aysever barəsində “xalqı kin və düşmənçiliyə təhrik və ya təhqir etmə” maddəsi ilə 3 ilədək azadlıqdan məhrumetmə cəzası tələbi ilə məhkəmə iddiası qaldırılıb. Aysever yaxın günlərdə hakim qarşısına çıxacaq.
Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında bildirilib ki, 11 dekabr 2025-ci ildə həbs edilən Aysever barəsində 10 dekabr 2025-ci ildə yayımlanan videodakı çıxışına görə öz təşəbbüsü ilə istintaq başladılıb.
İttiham aktında Ayseverin ifadəsinə də yer verilib. Buna görə, Aysever sözügedən videonun bir hissəsinin kəsilərək sosial şəbəkələrdə yayımlandığını, bunun qəsdən edildiyini və özünün hədəf göstərildiyini iddia edib. O bildirib ki, videonun tam versiyası araşdırılarsa, həmin çıxışı Ekrem İmamoğlunun atası Hasan İmamoğlunun bəzi açıqlamalarına istinadən etdiyinin aydın olacağı görünər.
Aysever Türkiyənin sosioloji reallığını nəzərə aldıqda, əhalinin 70 faizini təşkil edən mühafizəkar və millətçi kəsimi təhqir etməsinin mümkün olmadığını qeyd edib. O, sağ görüşlü insanları aşağılamaq niyyəti ilə hərəkət etmədiyini, canlı yayımlanan videonun həyəcanı ilə bəzi yanlış ifadələr işlətmiş ola biləcəyini bildirib.
Aysever əlavə edib ki, Ekrem İmamoğlu saxlanıldıqda, “Oğrular mütləq mühakimə olunmalıdır və CHP buna sahib çıxmamalıdır” şəklində ifadələr də işlədib və buna görə müxalif kəsimin trolları tərəfindən linç edilib.
İttiham aktında qeyd olunub ki, Ayseverin sözlərində “cinayətkar”, “əxlaqsız”, “din və millətçilik alveri edən” kimi ifadələrlə nəzərdə tutduğu siyasi partiyalar Türkiyədə demokratik seçkilər nəticəsində hakimiyyətə gəlmiş və ya koalisiya qurmuş Demokrat Partiya, Ədalət Partiyası, Anavatan Partiyası, AK Partiya, Rifah Partiyası, Fəzilət Partiyası, Milliyyətçi Hərəkat Partiyası, eləcə də hakimiyyətə gəlməsələr də, sadalanan partiyalara bənzər, daha az səs toplamış partiyalar, onların rəhbərləri və bu partiyalara səs verən seçicilər olub. Zaman dəyişsə də, bu sözlərin Türk cəmiyyətinin 60-70 faizlik hissəsinə yönəldiyi və təhqir xarakteri daşıdığı qənaətinə gəlinib.
Prokurorluq tərəfindən hazırlanan ittiham aktı Küçükçekmece 30-cu Asliye Cinayət Məhkəməsi tərəfindən qəbul edilib.


























