Son illər mobil telefonlara maraq sürətlə artıb və bu maraq artıq asılılıq səviyyəsinə çatıb.
Doğru.az xəbər verir ki, insanlar yemək yeyərkən, avtomobil idarə edərkən, avtobusda, metroda, işdə, istirahətdə, hətta ailə üzvləri ilə bir masa arxasında əyləşəndə belə telefonlardan ayrılmırlar.
Cəmiyyətin bütün təbəqələrində müşahidə olunan bu hal xüsusilə gənclər arasında daha qabarıq hiss olunur. Sosial şəbəkələr, qısa videolar, mesajlaşma tətbiqləri insanların vaxtını səssizcə alır. Bir çox hallarda real ünsiyyət arxa plana keçir, üz-üzə söhbət yerini ekran qarşısında susqunluğa verir.
Mütəxəssislərin fikrincə, telefon asılılığı insan psixologiyasına ciddi təsir göstərir. Diqqət dağınıqlığı, əsəbilik, yuxu rejiminin pozulması və sosial münasibətlərin zəifləməsi bu asılılığın əsas fəsadları sırasında yer alır. Xüsusilə yemək zamanı telefonla məşğul olmaq həm sağlamlığa, həm də ailə münasibətlərinə mənfi təsir göstərir.
Nəqliyyatda telefona baxaraq hərəkət edən sürücülər və piyadalar isə təhlükəsizlik baxımından risk yaradır. Yol qəzalarının bir hissəsi məhz diqqətin telefona yönəlməsi səbəbindən baş verir. Buna baxmayaraq, bir çox insanlar bu təhlükəni gözardı edir.
Mütəxəssislər tövsiyə edir ki, gündəlik həyatın müəyyən saatlarında telefondan istifadə məhdudlaşdırılsın, ailə və dostlarla canlı ünsiyyətə üstünlük verilsin. Əks halda, telefon həyatın ayrılmaz hissəsi yox, insanın həyatını idarə edən əsas vasitəyə çevrilə bilər.
Şəhla Qardaşova
DOĞRU.AZ




























