image-n1karobka_ads
image-123
image-3abdafde471aac2a717b5c2bccf422febackend

Tovuz döyüşlərindən 5 il ötür

image-ad_qayo_720x110px

Bu gün Tovuz döyüşlərinin başlanmasından beş il keçir.

Doğru.az xəbər verir ki, 2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozub. Düşmən mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib və Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı və Aşağı Öysüzlü kəndlərini ağır artilleriya atəşinə tutub.

Ermənilərin hücumuna cavab olaraq Azərbaycan Ordusunun komandanlığı tərəfindən dərhal əks tədbirlər görülüb. Düşmənin ön cəbhədəki atəş nöqtələri, ehtiyat qüvvələri və hərbi texnikası dəqiqliklə məhv edilib. Rəsmi məlumata görə, yüzədək erməni hərbçisi zərərsizləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyi həmin dövrdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin itkiləri cəmiyyətdən gizlətməyə çalışdığını bəyan edib. Doğru.az-ın əldə etdiyi məlumata əsasən, məhv edilənlər arasında Yaxın Şərqdən gətirilən erməni əsilli muzdlular da olub. Onların adlarının rəsmi qeydiyyatda olmaması itkilərin gizlədilməsini asanlaşdırıb.

Beş gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusunun 12 qəhrəman hərbi qulluqçusu şəhid olub. Onların arasında general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE Elçin Mustafazadə, MAXE Vüqar Sadıqov, MAXE Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov da var.

Qürurverici haldır ki, şəhid olan zabitlərimiz əsgərlərlə çiyin-çiyinə, ön xətdə döyüşərək həlak olublar. Bu, Azərbaycan Ordusunun ruh yüksəkliyini və komandanların əsgərləri ilə birlikdə döyüş meydanında olduğunu bir daha göstərdi.

Döyüşlər zamanı Tovuzun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov da artilleriya atəşi nəticəsində şəhid olub. Həmçinin mülki infrastruktura və yaşayış evlərinə ciddi ziyan dəyib.

Tovuz döyüşləri xalqımızın ordumuza dəstəyini, vətənə bağlılığını daha da gücləndirdi. Məhz bu döyüşlərdən sonra ölkədə minlərlə vətəndaş könüllü olaraq orduya yazıldı. Ermənistanın bu təxribatlarına cavab olaraq Azərbaycan 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başladı və 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki