Doğru.az xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmiz Türkiyədə keçirilən 8-ci Merzifon Kitab Sərgisində Fəxri Qonaq statusunda iştirak edir. Eyni zamanda Türk Mədəniyyəti və İrsi Fondu da qurucu üzv dövlətlərdən olan Azərbaycanın stendində öz nəşrlərini sərgiləyir.
Fonddan verilən məlumata görə, sərginin rəsmi açılış mərasimində Turgay Sevindi, Alp Kargı, Zehra Özyol, Ömer Özalp kimi bələdiyyə başçıları, millət vəkilləri Yaşar Tüzün, Reşat Karagöz, Mehmet Tahtasız, Ramiz Topal və digər tanınmış dövlət rəsmiləri iştirak ediblər. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Azərbaycan-Türkiyə münasibətlərinin mədəni və ədəbi əlaqələr üzərində qurulmuş dərin təməlindən danışıb.
Açılışdan sonra Azərbaycan stendi yüksək maraqla ziyarət olunub. Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Fərid Hüseyn ziyarətçilərə Fondun fəaliyyəti və nəşrləri haqqında ətraflı məlumat verib. Qonaqlara üç il əvvəl baş vermiş zəlzələ qurbanlarına həsr olunmuş “Səninləyik Türkiyə” kitabı və Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri təqdim edilib.
Sərgi çərçivəsində təqdim olunan bu kitab, Prezidentin sərəncamı ilə bu il 100 illik yubileyi qeyd olunan görkəmli şair Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunub. Kitab Türk və Azərbaycan dillərində çap olunub və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın “Tarixdən alınan ibrət dərslərimiz” adlı ön sözü ilə açılır.
Təqdimatda Samir Abbasov şairin Türk Birliyi uğrunda apardığı mübarizədən danışıb. Fərid Hüseyn isə əsərin tarixi və mənəvi əhəmiyyətini vurğulayıb. O, bu pyesin gələcək nəsillər üçün bir mənəvi mayak, kimlik bələdçisi olduğunu qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova isə əsərin bədii və tarixi dəyərindən söz açaraq onu Türk dünyasının gəncləri üçün əhəmiyyətli mənəvi miras adlandırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və ziyarətçilərə kitablar hədiyyə olunub.
DOĞRU.AZ