Doğru.az xəbər verir ki, 10–11 iyun 2025-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu keçirilib. Tədbir Türk Mədəniyyəti və İrsi Fondu ilə Türküstan Vilayətinin Akiminin birgə dəstəyi ilə təşkil olunub.
Simpoziumun təntənəli açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türküstan vilayətinin akim müavini Yertay Altayev, ICESCO-nun irs üzrə eksperti Osama Elnahas, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin rəsmiləri və beynəlxalq ekspertlər iştirak ediblər.
Plenar iclas çərçivəsində türkdilli ölkələrin elmi institutlarının nümayəndələrinin məruzələri dinlənilib. Məruzələrdə memarlıq irsinin araşdırılmasında müasir texnologiyaların tətbiqi, bərpa metodları, ənənəvi tikinti materialları və iqlim amilinin abidələrin qorunmasına təsiri kimi məsələlərə toxunulub.
Simpozium “Türk mədəni irsinin abidələrinin tarixi-mədəni əhəmiyyəti və tədqiqi” və “Memarlıq abidələrinin qorunması və bərpası” mövzularında keçirilən panel sessiyaları ilə davam edib. Burada rəqəmsal həllər, profilaktik konservasiya metodları və fənlərarası yanaşmalarla bağlı maraqlı müzakirələr aparılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan gələn mütəxəssislər öz təcrübələrini bölüşüblər. Ölkəmizi bu tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tanınmış alim Zaur Həsənov təmsil edib.
Simpozium çərçivəsində Mahmud Kaşğarinin “Divani Lüğat-it-Türk” əsərinin 950 illiyinə həsr olunmuş sərgi və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin mədəniyyət mərkəzində “Мың заман – бір Түркістан” adlı musiqili tamaşa nümayiş etdirilib.
Tədbirin sonunda Arıstan-bab və Xoca Əhməd Yəsəvi türbələrinin yerləşdiyi Otrar rayonuna səfər təşkil olunub. Bu səfər iştirakçılara türk memarlıq irsinin canlı nümunələri ilə yerində tanış olmaq imkanı verib.
Simpozium Türk dünyasının ortaq mədəni irsinin qorunması və təbliği istiqamətində elmi və praktiki əməkdaşlığın inkişafına mühüm töhfə verib.
DOĞRU.AZ