Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-də və noyabrın 1-də Kürdəmir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir əvvəlcə Kürdəmir rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra rayon polis şöbəsində Kürdəmir, Ucar, Hacıqabul, Göyçay, Ağdaş, Ağsu, Şirvan və digər bölgələrdən gələn 315 vətəndaşın müraciətləri dinlənilib.
Nazir müraciətlərin operativ həlli və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Bildirilib ki, müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov həmçinin polis və daxili qoşunlarda xidmət etmək istəyən gənclərlə sıra baxışı keçirib.
Vətən müharibəsinin 14 iştirakçısının da qatıldığı baxışda xidmətə qəbul şərtlərinə uyğun gələn 163 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
DOĞRU.AZ





























