Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 8 may 2025-ci il tarixli Sərəncamı ilə görkəmli muğam ustadı, pedaqoq, Xalq artisti Arif Babayev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.
Doğru.az xəbər verir ki, mayın 14-də mükafat sənətkara evində təqdim olunub. Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Xalq artistinə mükafatı təqdim edərək Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və təbriklərini çatdırıb.
Ustad xanəndə Ümummilli lider Heydər Əliyevin mədəniyyətə, xüsusilə də muğam sənətinə daim diqqət və qayğı göstərdiyini vurğulayıb. O bildirib ki, bu ali mükafata layiq görülmək onun üçün böyük şərəfdir və bunu muğam sənətinə verilən yüksək qiymət kimi qəbul edir. Arif Babayev Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib.
Sənətkar, həmçinin, bu günlərdə doğma yurdu Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsindən böyük sevinc və qürur hissi keçirdiyini bildirib:
“Ağdam Muğam Mərkəzinin açılışını televiziyadan izləyirdim. Xüsusilə ‘Qarabağ şikəstəsi’ səslənəndə göz yaşımı saxlaya bilmədim. Var olsun möhtərəm Prezidentimiz – Qarabağımızı bizə qovuşdurdu. İndi mədəniyyətimiz və muğamımız da doğma torpaqlara qayıdır. İnanıram ki, Azərbaycan muğamı Qarabağda yenidən canlanacaq və Ağdamdakı bu mərkəz bu işdə mühüm rol oynayacaq.”
Arif Babayev Qarabağda mədəniyyətin bərpasına, muğam sənətinin dünyada tanıdılmasına göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna və onun rəhbəri, əzizimiz Mehriban xanıma dərin minnətdarlığını bildirib.
DOĞRU.AZ