Xankəndidə 8 Noyabr – Zəfər Günü münasibətilə bir sıra təhsil müəssisələrində silsilə tədbirlər təşkil olunub.
Doğru.az xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən müəssisələrdə keçirilən tədbirlər vətənpərvərlik və milli qürur ruhunda baş tutub.
Xankəndi şəhər 1 saylı körpələr evi–uşaq bağçasında keçirilən tədbirdə balacaların ifasında Vətənə həsr olunmuş şeirlər, mahnılar və rəqslər səsləndirilib. Uşaqlar qəhrəman ordumuz, üçrəngli bayrağımız və Vətən sevgisi haqqında çıxışlar ediblər. Tədbirin əsas məqsədi uşaqlarda vətənpərvərlik və azərbaycançılıq ruhunun gücləndirilməsi olub.
Həmçinin Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə də Zəfərin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla anılıb, Qarabağ Zəfərinin qəhrəmanlıq səhifələri bir daha xatırlanıb.
Tədbir çərçivəsində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının hazırladığı “Zəfər Zəngi” adlı film nümayiş etdirilib. 44 günlük Vətən müharibəsindən bəhs edən film tamaşaçılarda böyük maraq və qürur hissi yaradıb.
Zəfər Gününə həsr olunan tədbirlərdə Azərbaycan xalqının birliyi, Ordumuzun qəhrəmanlığı və şəhidlərimizin əziz xatirəsi xüsusi ehtiramla yad olunub.
DOĞRU.AZ





























