Doğru.az xəbər verir ki, mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib.
Tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçirilən konsertdə orkestrə Murtuza Bülbül dirijorluq edib. Gecə Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi ilə başlayıb. Daha sonra Polad Bülbüloğlunun ifasında sevilən əsərlər səsləndirilib.
Konsertdə həmçinin Xalq Artisti Mənsum İbrahimovun ifasında muğam və xalq mahnıları təqdim olunub.
Qeyd edək ki, “Xarıbülbül” Musiqi Festivalı ilk dəfə 1989-cu ildə keçirilib. Qarabağ münaqişəsi zamanı festival Ağdam, Bərdə və Ağcabədidə davam etdirilib. 2020-ci il Vətən müharibəsində qazanılan zəfərdən sonra isə festival yenidən doğma ünvanı olan Şuşaya qayıdıb.
Festivalın birinci günündə müxtəlif ölkələrdən gəlmiş ifaçıların iştirakı ilə açılış konserti baş tutub, ardınca Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında “Babalı Sərvərin boynuna” adlı teatr tamaşası nümayiş olunub.
DOĞRU.AZ