Aprelin ilk günlərində ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 4-dən başlayaraq ayın onuna qədər fasilələrlə yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.
Paytaxtda və Abşeron yarımadasında aprelin 4-ü günortadan ayın 6-sı gündüz saatlarına qədər arabir yağış yağacağı ehtimal olunur. Bəzi ərazilərdə yağıntıların intensivləşəcəyi gözlənilir. Bölgələrdə isə proses ayın 7-si səhər saatlarına qədər davam edəcək. Şimşək çaxacağı, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Yağışlar xüsusilə şərq rayonlarında güclü olacaq.
Hava şəraitinin pisləşməsi çaylarda sululuğun artmasına səbəb ola bilər. Quba-Qusar bölgəsinin dağ çaylarından qısamüddətli sel keçəcəyi və daşqın olacağı ehtimalı var. Aprelin 7-si və 8-də yağıntılarda qısa fasilə yaransa da, ayın 9-dan etibarən yağışlar yenidən başlayacaq.
Küləkli hava ilə bağlı rəsmi qurumlar artıq sarı və narıncı xəbərdarlıq yayıblar. Bakı ilə yanaşı bir çox rayonda küləyin sürəti saniyədə 20.7 metrə qədər çatacaq. Qazax və Ağstafa bölgələrində isə vəziyyət daha ciddi olacaq. Burada küləyin sürətinin saniyədə 28.4 metrə qədər güclənəcəyi gözlənildiyi üçün narıncı xəbərdarlıq elan edilib.
Demokrat.az


























