Bakı şəhəri, Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı Baş Prokurorluq məlumat yayıb.
Doğru.az xəbər verir ki, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə birlikdə hadisə yerində müayinə aparır, zəruri prosessual hərəkətləri icra edirlər.
Bildirilib ki, yanğının başvermə səbəbinin müəyyən olunması üçün ekspertizalar təyin edilib və müvafiq istintaq tədbirləri davam etdirilir.
Rəsmi məlumata görə, hadisə nəticəsində yaranan tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər zəhərlənib. Zəhərlənən şəxslər hospitalizasiya olunub, vəziyyətlərinin qənaətbəxş olduğu qeyd olunur və onlara tibbi yardım göstərilir.
Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.
DOĞRU.AZ




























