Bu gün dünya azərbaycanlılarının birlik və həmrəyliyini ifadə edən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur.
Doğru.az xəbər verir ki, bu əlamətdar gün bütün dünyaya səpələnmiş azərbaycanlıların milli birliyinin, mənəvi bağlılığının və ortaq dəyərlər ətrafında birləşməsinin rəmzidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə 1989-cu ildə Naxçıvanda baş verən tarixi hadisələrdən sonra formalaşıb və 1991-ci ildən etibarən rəsmi şəkildə qeyd olunur.
Bu gün Azərbaycan diasporunun güclənməsi, milli maraqların qorunması, ana dilimizin, mədəniyyətimizin və dövlətçilik ideyalarının təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
31 dekabr həmçinin ölkəmizdə Yeni il ərəfəsinə təsadüf edərək birlik, ümid və gələcəyə inam hisslərini daha da gücləndirir. Dünya azərbaycanlıları bu günü həmrəylik, qürur və milli ruhla qeyd edirlər.
DOĞRU.AZ




























