ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük ingilisdilli nəşri olan “Baku Dialogues” jurnalının payız buraxılışı nəşr olunub.
Doğru.az xəbər verir ki, buraxılışda geosiyasət, regional təhlükəsizlik və enerji transformasiyası kontekstində aparılan müzakirələri əks etdirən analitik məqalələr yer alır.
Buraxılışın aparıcı məqalələrindən biri ABŞ Hərbi Dəniz Qüvvələri Kollecinin professoru Nikolas K. Qvozdevin “Trump’s ‘Business Diplomacy’ in the Caucasus” yazısıdır. Məqalədə ABŞ administrasiyasının Cənubi Qafqazda sülh və əməkdaşlığı irəlilətmək üçün tətbiq etdiyi “biznes diplomatiyası” modelinin məntiqi və TRIPP çərçivəsinin mümkün təsirləri təhlil edilir.
Regional geosiyasi vizyonların müqayisəsinə həsr olunmuş digər məqalə İnkişaf və Diplomatiya İnstitutunun baş elmi işçisi Nərgiz Əzizovanın “The 3Bs Framework: Brussels-Baku-Beijing” yazısıdır. Müəllif Avropa İttifaqı, Azərbaycan və Çin arasındakı geoiqtisadi qarşılıqlı təsirlərin İpək Yolu regionunda yeni güc formalaşdırdığını göstərir.
Böyük güclər arasında rəqabəti analiz edən Çingiz Məmmədovun “Will the Chinese Dragon Outfly the American Eagle?” məqaləsi isə Çin–ABŞ rəqabətinin İpək Yolu regionu üçün yaratdığı reallıqlar və riskləri araşdırır. Azərbaycanın xarici siyasətində artan çoxtərəflilik və balanslaşdırma yanaşması isə Fərid Şükürlü və Cozef Şumunovun “Azerbaijan’s Active Non-Alignment” məqaləsində geniş şərh olunur.
Jurnalın enerji geoiqtisadiyyatına həsr edilmiş bölməsi üç mühüm yazı ilə təqdim olunur. Artem Kraşakov “Azerbaijan’s All-of-the-Above Energy Strategy” məqaləsində ölkənin enerji təhlükəsizliyinə bütün istiqamətləri əhatə edən yanaşmasını təhlil edir. Füzuli Əliyev “Baku’s Green Finance Policy” məqaləsində Azərbaycanın yaşıl maliyyə təşəbbüslərinin regional dayanıqlı inkişafda rolunu izah edir. Samuel Furfarinin “The Evolution of the EU’s Regulatory Role in Energy” yazısı isə enerji siyasətinin Avropa perspektivini təqdim edir.
Jurnalın tam versiyası ilə tanış olmaq üçün bakudialogues.ada.edu.az saytına daxil olmaq mümkündür.
DOĞRU.AZ




























