Almatı şəhərində 17–18 aprel tarixlərində təşkil olunan ALZ II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş nümayəndə heyəti ilə iştirak edib.
Doğru.az xəbər verir ki, sərgidə ölkəmizi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA), Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA), AzHealth rəqəmsal sağlamlıq turizmi şirkəti, Referans Medical Group, Bioloji Təbabət Klinikası, eləcə də tədbirin media sponsoru olan Öndər TV təmsil edib.
Tədbirin rəsmi açılışı nüfuzlu beynəlxalq qonaqların iştirakı ilə baş tutub. Açılış mərasimində Türkiyənin Almatı şəhərindəki Baş konsulu Tuğba Alan Özdenfedakar, ticarət attaşeləri Ekrem Alper Bozkurt, Mustafa Tuğberk Karaman və İlhan Polat, MÜSİAD Qazaxıstanın sədri Birkan Karakaş və sədr müavini Servet Yıldırım, Astana Turizm Ofisinin sədr müavini Olzhas Ibrayev, ASKON Sağlamlıq və Sağlamlıq Turizmi sektorunun sədri Serdar Kurt, Almatı Turizm Ofisinin sədri Galiya Erlavona, Almatı Sağlamlıq Turizmi Assosiasiyasının sədri Raissa Nurzhaubayeva, Azərbaycan Özəl Xəstəxanalar Assosiasiyası Birliyinin sədri Günel Əliyeva və Azərbaycan Sağlamlıq Turizmi Assosiasiyasının sədri Ruslan Quliyev iştirak ediblər.
Sərgi əsasən B2B formatında təşkil olunub. İştirakçılar arasında keçirilən işgüzar görüşlər zamanı Azərbaycanın sağlamlıq turizmi potensialı, müalicəvi turizm imkanları və rəqəmsal səhiyyə həlləri təqdim olunub. Bu görüşlər yeni biznes əlaqələrinin qurulması, təcrübə mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.
Qeyd edək ki, sərgi “ALZ International” tərəfindən təşkil olunub və Türkiyə Respublikası Ticarət Nazirliyinin “Dəstəklənən Beynəlxalq Tədbirlər” siyahısına daxildir. Tədbir Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və İxracatçılar Birliyi tərəfindən də dəstəklənir.
İki gün davam edən sərgidə MDB ölkələri ilə yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, BƏƏ və Almaniyadan aparıcı şirkət və təşkilatların nümayəndələri iştirak ediblər. Sərgi çərçivəsində səhiyyə və tibbi turizm sahəsində innovativ xidmətlər nümayiş etdirilib.
Tədbir zamanı Azərbaycanın müalicəvi turizm imkanlarına xüsusi diqqət yetirilib. Naxçıvandakı Duzdağ Müalicə Mərkəzi, Naftalan nefti ilə müalicə, Şabran bölgəsi, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm potensialı iştirakçılara təqdim olunub.
Sərgi çərçivəsində ALZ Group, AHTTSA və AzHealth arasında üçtərəfli uzunmüddətli əməkdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlığın beynəlxalq səhiyyə turizmi sahəsində birgə layihələrə zəmin yaradacağı bildirilir.
Bununla yanaşı, Azərbaycan milli stendində “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar təqdim olunub və iştirakçılara ikram edilib. Bu addım milli brendin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edib.
Ümumilikdə, Azərbaycanın sərgidə fəal iştirakı sağlamlıq turizmi sahəsində beynəlxalq mövqelərin gücləndirilməsi və yeni tərəfdaşlıqların qurulması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
DOĞRU.AZ


























