Noyabrın 5-də Gürcüstanın Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustası Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində yaradılmış əsərlərinin sərgisi açılacaq.
Doğru.az xəbər verir ki, sərgidə 2024–2025-ci illərdə ərsəyə gətirilmiş 12 rəsm əsəri nümayiş olunacaq. Əsərlər kətan üzərində qarışıq texnikada çəkilib və sənətkarın milli adət-ənənələrə sevgisini əks etdirir. Sərgidə həmçinin “İki qəlbin hekayəsi” əsəri əsasında toxunan xalça da təqdim olunacaq. Xalça Azərbaycan Milli Xalça Muzeyində 70 rəng çalarından istifadə edilərək yaradılıb və ilk dəfə əsər xalça dilinə çevrilmişdir.
Sərgi çərçivəsində həmçinin Bolnisi sakinləri və qonaqlar üçün “Xalça necə yaranır?” ustad dərsi keçiriləcək. Uşaq şöbəsinin əməkdaşları iştirakçılara qoyunun qırxılması, yunun daranması, əyrilməsi və xalçanın toxunması mərhələlərini nümayiş etdirəcəklər.
Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirliklərinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi dekabrın 5-dək davam edəcək.
DOĞRU.AZ




























