Yeni il gecəsi Avropanın bir sıra ölkələrində ciddi insidentlər qeydə alınıb.
Doğru.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, Fransada 31 dekabrdan 1 yanvara keçən gecə ümumilikdə 813 avtomobil yanıb. İlkin polis hesabatında bildirilir ki, yanğınların yayılması nəticəsində bu nəqliyyat vasitələrindən 183-ü tamamilə sıradan çıxıb.
Eyni zamanda Almaniyada da gərgin gecə yaşanıb. “Der Tagesspiegel” nəşrinin məlumatına əsasən, Berlin polisi Yeni il gecəsi təxminən 400 nəfəri saxlayıb. Fişənglərlə həyata keçirilən hücumlar zamanı 24 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Bundan başqa, İsveçrədə də faciəvi hadisə baş verib. Yeni il gecəsi Krans-Montana şəhərində yerləşən “Le Constellation” barında yanğın qeydə alınıb. “Le Nouvelliste” qəzetinin yazdığına görə, fövqəladə hadisə nəticəsində təxminən 40 nəfər ölüb, 100-dən çox şəxs isə yaralanıb.
Hadisələrlə bağlı araşdırmalar davam etdirilir.
DOĞRU.AZ




























