Martın 19-da Bakının Xətai rayonunda “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “Xonça Fest” festivalı həyata keçirilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən festivalda 800 nəfər Azərbaycan Könüllüsü iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov festival iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, festivalın əhəmiyyətindən danışaraq, gənclərin bu kimi tədbirlərdə fəal iştirakının onların inkişafına müsbət təsir göstərdiyini bildirib. O, Gənclər Fondunun gənclərin təşəbbüslərinə və könüllülük hərəkatına daim dəstək verdiyini qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev Novruz bayramının xalqımız üçün birlik, həmrəylik və yenilənmə rəmzi olduğunu vurğulayıb. O, “Xonça Fest”in yalnız bir bayram tədbiri olmadığını, eyni zamanda Azərbaycanın könüllülük hərəkatının güclənməsinə, gənclərin fəal vətəndaş kimi formalaşmasına və milli-mənəvi dəyərlərin yaşadılmasına töhfə verdiyini qeyd edib.
Festival çərçivəsində Azərbaycan Könüllülərinin ifasında rəqs kompozisiyaları, müxtəlif maraqlı çıxışlar və əyləncəli fəaliyyətlər təqdim olunub. İstedadlı gənclər öz performansları ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar.
Tədbirin ən yaddaqalan məqamlarından biri Azərbaycan Respublikasının Xalq Artisti Niyaməddin Musayevin möhtəşəm çıxışı olub. Sənətkar öz ifaları ilə bayram ovqatını daha da yüksəldib.
Bundan əlavə, festival çərçivəsində iştirakçılar üçün hədiyyəli viktorinalar təşkil olunub. Hər mərhələdə 5 sualdan ibarət viktorinalar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və qaliblərə dəyərli hədiyyələr təqdim edilib.
Tədbirin sonunda festival iştirakçıları üçün əyləncəli parti təşkil edilib.
DOĞRU.AZ