Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı “Güclü qadın, güclü cəmiyyət” adlı tədbir keçirilib.
Martın 12-də keçirilən tədbirin məqsədi gender bərabərliyi və gender paritetinə doğru beynəlxalq tərəqqi haqqında məlumatlılığı və cəmiyyətdə güclü qadınların sayını artırmaqdır.
Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, gender bərabərliyinin artırılması daha güclü cəmiyyətin formalaşmasına töhfə verir:
“Buna görə də Avropa İttifaqının sonuncu Gender Bərabərliyi Strategiyası gender əsaslı zorakılığa son qoymaq üçün əsas məqsədləri ehtiva edir. Bu məqsədlər gender stereotiplərinə meydan oxumaq, əmək bazarında gender boşluqlarını aradan qaldırmaq, iqtisadiyyatın müxtəlif sektorlarında bərabər iştiraka, qərarların qəbulunda və siyasətdə gender balansına nail olmaqdan ibarətdir”.
Daha sonra tədbirdə bir neçə Aİ layihəsinin Azərbaycanın müxtəlif bölgələrində yaşayan benefisiarları,ittifaqın keçirdiyi layihələrdən bəhrələnən insanlar öz işlərindən bəhs ediblər, uğur qazanmaq üçün faydalı məsləhətlər verərək çətinliklərin öhdəsindən necə gəldikləri barədə danışıblar.İştirakçıların çıxışları zalda alqışlarla qarşılanıb.
Bakı və regionlardan olan 25 qadın rəssamın əl işlərinin nümayiş olunduğu “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub və Polşanın Bakıdakı səfirliyinin “Polşanın görkəmli qadınları” adlı sərgi təqdim edilib.
Tədbirin sonunda iştirakçılara Aİ-nın Bakıdakı səfiri cənab Peter Mixalkonun adından iftar süfrəsi təqdim olunub.
DOĞRU.AZ