2026-cı ilin mart ayında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar ümumilikdə 13 qeyri-iş günü nəzərdə tutulur.
Doğru.az xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Gününün bazar gününə təsadüf etməsi səbəbindən 9 mart da qeyri-iş günü olacaq.
Mart ayında Novruz və Ramazan bayramları ilə əlaqədar uzunmüddətli istirahət günləri yaranacaq. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günlərinin şənbə və bazar günlərinə düşməsi əlavə istirahət günləri ilə əvəzlənib.
Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixlərinin həftəsonuna düşməsi səbəbindən 25 və 26 mart da istirahət günü elan edilib.
Ramazan bayramının 20 və 21 mart tarixlərinin Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq. 28 və 29 mart isə şənbə və bazar günlərinə təsadüf edir.
Beləliklə, martın 20-dən 30-dək ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq. Ümumilikdə isə 2026-cı ilin mart ayında 13 qeyri-iş günü qeydə alınacaq.
DOĞRU.AZ




























