image-2000x150px
image-123
image-ads_atlas
image-c474d862bae23d633423f407b989a8fabackend

Azərbaycanın Xalq artisti vəfat etdi – FOTO

image-728x90px

Azərbaycanın teatr ictimaiyyətinə ağır itki üz verib. Uzun illər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmiş tanınmış aktyor, Xalq artisti, Prezident təqaüdçüsü Tofiq Mövləvi ömrünün 86-cı ilində vəfat edib.

Bu barədə Doğru.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Tofiq Mövləvi 1938-ci il iyulun 1-də Naxçıvan şəhərində teatr aktyoru və rejissoru Səməd Mövləvinin ailəsində dünyaya göz açıb. Böyüdüyü mühit onu səhnə sənətinə qırılmaz tellərlə bağlayıb. O, hələ Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə təhsil aldığı illərdə Naxçıvan teatrında kiçik rollarda oynayıb. 1954-cü ildən taleyini Naxçıvan səhnəsinə bağlayıb. 2014-cü ilədək – 60 il burada çalışıb, Azərbaycan və dünya dramaturqlarının əsərləri əsasında hazırlanan tamaşalarda 100-dən çox müxtəlif xarakterli obraza həyat verib. Onun “Qız atası”, “Şeyx Sənan”, “Ana”, “O olmasın, bu olsun”, “Atabəylər” və başqa əsərlərdə bir-birindən maraqlı rollar oynayıb. Özünəməxsus ifa tərzi, səhnə mədəniyyəti ilə böyük tamaşaçı sevgisi qazanıb.

Tofiq Mövləvi, eyni zamanda, Naxçıvan Xalq teatrında “Gənclik” studiyası yaradıb, həvəskar gəncləri cəlb edərək maraqlı tamaşalar hazırlayıb. Hazırda muxtar respublikada teatr sahəsində yaxşı tanınan Xalq artistləri Şirzad Abutalıbov, Kamran Quliyev, Yasəmən Ramazanova ilk səhnə addımlarını məhz Tofiq Mövləvinin studiyasında atıblar.

Səhnə fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən Tofiq Mövləvi 1974-cü ildə muxtar respublikanın, 1987-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”i, 2008-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

DOĞRU.AZ

image-1-177

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki