Bakı Avrasiya Universiteti (BAAU) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bununla bağlı universitetdə rəsmi görüş keçirilib.
Doğru.az xəbər verir ki, görüşdə hər iki qurumun rəhbərliyi və nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov ali təhsil müəssisələrinin peşəkar ictimai birliklərlə əməkdaşlığının müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu cür əməkdaşlıqlar təhsil müəssisələri ilə əmək bazarı arasında əlaqələrin güclənməsinə, tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, ixtisaslı kadr kimi formalaşmasına xidmət edir. Rektor imzalanan memorandumun bu istiqamətdə mühüm addım olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc çıxış edərək qurumun fəaliyyət istiqamətləri, qiymətləndirmə sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. O, peşəkar qiymətləndirici kadrların hazırlanmasında ali təhsil müəssisələri ilə əməkdaşlığın vacibliyini xüsusi qeyd edib və Bakı Avrasiya Universiteti ilə əməkdaşlığın gələcəkdə də faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı birgə təlimlərin, seminar və treninqlərin təşkili, elmi-praktiki tədbirlərin keçirilməsi, tələbələrin peşə təcrübələrinin təşkili, eləcə də qiymətləndirmə sahəsində bilik və bacarıqlarının artırılması məsələləri müzakirə olunub. Gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.
Çıxış edənlər bu əməkdaşlığın təhsil və qiymətləndirmə sahəsinin inkişafına töhfə verəcəyini, ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyini bildiriblər.
Görüşün sonunda Bakı Avrasiya Universiteti ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Qeyd edək ki, memorandum BAAU ilə AQC arasında uzunmüddətli və sistemli əməkdaşlığın qurulmasını, qarşılıqlı fəaliyyətin institusional əsasda davam etdirilməsini nəzərdə tutur.
DOĞRU.AZ





























