Bakı Uşaq və Gənclər Teatrı 2026-cı ildə bir neçə yeni səhnə əsəri ilə tamaşaçıların görüşünə gəlməyi planlaşdırır.
AZƏRTAC-a açıqlamasında teatrın ədəbi dram hissə müdiri Leyla Həşimova bildirib ki, yanvar ayında iki premyera nümayiş olunacaq. “Dovşanın evi” tamaşasına (müəllif Arzu Soltan) Əməkdar artist İntiqam Soltan quruluş verib. “Zaman maşını” (müəllif Aygün Həsənoğlu) tamaşasının rejissorları isə Mehman Piriyev və Rauf Hüseynlidir.
Teatr həmçinin “Atan ruslardır” (müəllif və rejissor İntiqam Soltan), “Axirətdən gələn zəng” (müəllif Hüseynbala Mirələmov, rejissor Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu), “Pişiklər və şirlər” (müəllif və rejissor İlhamə Əhmədova) tamaşalarını hazırlayır.
Bundan başqa, narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Həyatla oyun” (müəllif Arzu Soltan, rejissor İntiqam Soltan) tamaşası da yenidən səhnəyə qayıdacaq.
Teatrın Zəfərimizin 5 illiyi münasibətilə başlatdığı “Addım-addım Vətəndə” layihəsi bu il də davam edəcək. Ötən il layihə çərçivəsində bölgələrdə fəaliyyət göstərən teatrlarla tamaşalar nümayiş olunub, bu il isə Bakıda festivalla yekunlaşdırılması planlaşdırılır.
DOĞRU.AZ




























