Binəqədidə Aydınbəyov küçəsi, ev 18B yaxınlığında “Xəmsə Palace 2021” MTK-nın apardığı tikinti işləri sakinlərin narahatlığına səbəb olub.
Doğru.az xəbər verir ki, “Xəbərsiz”ə müraciət edən şikayətçi Hüseynov Elşən Şahin oğlu bildirib ki, şirkət 3 il əvvəl tikintiyə başlayıb və əvvəlcə Azərbaycan Yazıçılar Birliyi üçün nəzərdə tutulmuş binanı satış məqsədilə digər layihələr üçün istifadə etməyə başlayıb.
Sakin iddia edir ki, tikinti şirkəti yolları bərbad vəziyyətə salıb, təhlükəsizlik tədbirləri görməyib və onun hasarına dəfələrlə müdaxilə edib. “2025-ci ilin mart ayında Binəqədi Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə qərar çıxardı ki, şirkət hasara müdaxilə edə bilməz. Lakin son həftədə hasar tamamilə uçurduldu”, – deyə Hüseynov əlavə edib.
Mövzu ilə bağlı “Xəmsə Palace 2021” MTK bildirib ki, binalar 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvləri üçün mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilib və vətəndaşın iddia etdiyi torpaq sahəsi şirkətin rəsmi ərazisinə daxildir.
Sakin isə torpağın çıxarışı üçün müvafiq dövlət qurumuna müraciət etdiyini əlavə edib.
DOĞRU.AZ




























