Nizami Kino Mərkəzində Azərbaycanın yaradıcı və texniki heyəti tələbələrdən ibarət olan tammetrajlı “Boş yer” bədii filminin təqdimatı keçirilib.
Doğru.az xəbər verir ki, film Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən istehsal olunub. Filmin rejissoru Mərkəzin müəllimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Rəhman Fürqətoğludur. Layihə gənclərin yaradıcılıq potensialını, peşə təhsilinin praktiki nəticələrini və istehsalatda real bacarıqlarını nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Film dövlət və sponsor dəstəyi olmadan, yalnız Mərkəzin imkanları və tələbələrin əməyi ilə ərsəyə gətirilib.
“Boş yer” hər iki valideynini itirmiş, yazıçı olmaq arzusunda olan gənc Azərin həyatını əks etdirir. Film boyunca diqqətsizlik, sosial adaptasiya, psixoloji təcrid və insan münasibətləri mövzuları ön plana çıxır. Tamaşaçı real həyat faktları və cəmiyyətin sosial davranış modelləri ilə üz-üzə qalır. Filmin xronometrajı 101 dəqiqədir, ssenari müəllifi də Rəhman Fürqətoğludur.
Təqdimat mərasimində layihədə iştirak edən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və filmin peşə təhsili sistemində yaradıcı ixtisasların inkişafına töhfə verəcəyi vurğulanıb.
DOĞRU.AZ




























