Bu gün Azərbaycanda Məhərrəm ayının 10-u – Aşura günüdür. Bu tarix müsəlman aləmində yalnız bir matəm günü deyil, eyni zamanda mərhəmətin, xeyirxahlığın və həmrəyliyin simvoludur.
Doğru.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində bu il də Aşura münasibətilə ölkə üzrə könüllü qanvermə aksiyaları keçirilir. Məqsəd – yardıma ehtiyacı olan xəstələrə həyat bəxş etməkdir.
Bakıda və regionlarda onlarla məscid, ziyarətgah və tibb müəssisəsi bu gün qan verən insanların ünvanına çevrilib. “Təzə Pir”, “Bibiheybət”, “Mir Mövsüm Ağa”, eləcə də Sumqayıt, Şəki, Gəncə, Şuşa, Salyan, Naxçıvan və digər şəhərlərdə könüllülər səhər saatlarından növbəyə duraraq, bu nəcib aksiyaya qoşulublar.
Bu gün insanlar özlərinə xəsarət yetirmir, əksinə, başqasının həyatını xilas etmək üçün qol çırmayırlar. Aşuranın həqiqi mahiyyəti – mərhəmət, şəfqət və insanlığa xidmət – məhz bu cür təşəbbüslərlə gerçək mənasını tapır.
Unutmayaq, verilən hər damla qan bir insanın ömrünə çevrilə bilər.
DOĞRU.AZ