Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının sabiq sədri Könül Zakir qızı Əliyeva barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Doğru.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti AZƏRTAC-a məlumat yayıb.
Məlumata görə, istintaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-dən daxil olmuş materiallar əsasında aparılıb. Müəyyən edilib ki, Könül Əliyeva vəzifədə işlədiyi dövrdə xəstəxananın Məmmədrzalı tibb məntəqəsinin sabiq müdiri İltizam Əzimovun köməyi ilə əlillik dərəcələrinin qanunsuz təyin olunması məqsədilə saxta məlumatların müvafiq elektron informasiya sisteminə yerləşdirilməsini təşkil edib.
İstintaqla, bu əməllər müqabilində çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində təkrarən alındığı, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində dövlət büdcəsinə maddi ziyan vurulduğu müəyyən olunub.
Toplanmış sübutlar əsasında Könül Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. İltizam Əzimov isə həmin cinayətlərin törədilməsinə kömək etməkdə təqsirləndirilib. Hər iki şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı dövlət büdcəsinə dəymiş ziyanın bir hissəsinin ödənilməsi təmin edilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
DOĞRU.AZ




























