Bakı, 20 oktyabr – “CineMastercard” kinoteatrlar şəbəkəsində Türkiyə-İran ortaq istehsalı olan tarixi dram “Mevlana Mest-i Aşk” filminin premyerası baş tutub. Filmin rejissoru və ssenari müəllifi Hassan Fathi, prodüseri isə Mehran Boroumanddır.
Film Mövlana Cəlaləddin Ruminin zəngin mənəvi dünyasını ilk dəfə böyük ekranda təqdim edir. Onun irsi səkkiz əsrdən çoxdur ki, milyonlarla insanı ilhamlandırır.
Ulduz aktyor heyətində Halit Ergenç, Parsa Pirouzfar, Selma Ergeç, İbrahim Çelikkol, Burak Tozkoparan, Hande Erçel, Bensu Soral, Şahab Hosseini və Boran Kuzum yer alır.
“Mevlana Mest-i Aşk” bioqrafik film olmaqla yanaşı, daxili axtarış, mənəvi oyanış və bağışlayan eşqin poetik təcəssümünü əks etdirir. Tamaşaçılar Mövlananı yalnız ilahiyyatçı və şair kimi deyil, həm də hiss edən, axtaran və sevən bir şəxsiyyət kimi tanıyacaqlar. Onun Şəms Təbriz ilə görüşü həyatında böyük inqilabın başlanğıcı olur və sufi fəlsəfəsinin əsasını təşkil edir.
Filmin adı “Mevlana” ərəb dilində “ağamız” və ya “böyük ustad” mənasını verir. O, bir neçə dildə sərbəst danışır və İslam intibahının – mədəni və mənəvi yüksəlişin simvoluna çevrilmişdi.
Tarixi və romantik elementlərlə zəngin bu film yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunur və tamaşaçılara ilhamverici həyat hekayəsini təqdim edir.
DOĞRU.AZ





























