Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 20-ci caz festivalı çərçivəsində nümayiş olunan “Chicago” müzikli Bakının mədəni həyatında əsl sənət hadisəsinə çevrildi.
Doğru.az xəbər verir ki, Avroviziya təmsilçilərimiz Dilarə Kazımova və Diana Hacıyeva (DiHaj), caz ifaçısı Ülviyyə Rəhimova və aktyor-müğənni Orxan Ağayevin iştirakı ilə səhnələşdirilən əsər tamaşaçılara unudulmaz anlar bəxş edib.
Dilarə Kazımova “Velma Kelly” obrazında səhnəyə çıxaraq həm vokal, həm aktrisalıq, həm də səhnə xarizması ilə gecənin ulduzuna çevrildi. Onun enerjisi, jestləri və səsi Broadway parıltısını Bakıya gətirdi. 💫
Tamaşada Diana Hacıyeva “Roksi Hart”, Orxan Ağayev “Billi Flinn”, Ülviyyə Rəhimova isə “Moma Morton” obrazlarını canlandıraraq tamaşanı daha da rəngarəng edib.
Rejissor Əziz Əzizovun quruluş verdiyi bu mükəmməl səhnə əsəri təkcə teatrın divarlarını deyil, bütün Bakını alqış sədaları ilə doldurdu. Səhnə, işıqlar, musiqi və kostyumlar bir araya gələrək paytaxtda əsl Broadway ab-havası yaratdı.
DOĞRU.AZ





























