Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, eyni zamanda ölkədə rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.
Doğru.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin verdiyi məlumata əsasən, təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, eləcə də nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, bu dəyişikliklər nəticəsində vətəndaşlar adıçəkilən xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə təqdim edə biləcəklər.
Məlumatda bildirilib ki, təşəbbüs “rəqəmsal hökumət” modelinin daha da güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verəcək.
DOĞRU.AZ




























