Dövlət Kukla Teatrı 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə əlilliyi olan uşaq və yeniyetmələrə dəstək məqsədilə “Sevgiyə açılan qapı” adlı “Açıq qapı” günü təşkil edib.
Doğru.az xəbər verir ki, tədbir teatrın ənənəsinə sadiq qalaraq həyata keçirilib.
Tədbir iştirakçıları uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin “Dovşanın ad günü” mənzum pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər. Səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssam Rəna Abasova, bəstəkar Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.
Tamaşada teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Araz Həsənli, Elnur Xəlilov, Səbinə Məmmədova, Firuzə Nəsibli və Könül Nəsibova müxtəlif obrazları canlandırıblar. Hadisələr bir meşədə cərəyan edir; Canavar Dovşanı yemək üçün cəhd göstərsə də, buna nail ola bilmir. Dovşan və dostları birləşərək Tülkü və Canavarı məğlub edir, beləliklə dostluq və birlik zəfər çalır.
Nümayişdə iştirak edən tamaşaçıların əsas qismi Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) üzvləri olub.
DOĞRU.AZ





























