Efiopiyada Tiqray Xalq Azadlıq Cəbhəsinin rəhbərliyi Afrika İttifaqının vasitəçiliyi ilə federal hökumətlə sülh danışıqlarına başlamaq təklifi ilə razılaşıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 5-də Efiopiya federal hökuməti Afrika İttifaqının təklif etdiyi Tiqray Xalq Azadlıq Cəbhəsi ilə sülh danışıqlarına razı olduğunu rəsmən elan edib.
Afrika İttifaqı vasitəçi kimi oktyabrın 1-də Efiopiya hakimiyyətinə və Tiqray Xalq Azadlıq Cəbhəsinin rəhbərliyinə məktub göndərərək, onları 8-9 oktyabrda sülh danışıqlarına başlamağa dəvət edib.
Avqustun 24-də Efiopiya hökuməti və Tiqray Xalq Azadlıq Cəbhəsinin rəhbərliyi ötən ilin yazından onlar arasında mövcud olan humanitar atəşkəsi pozmaqda ittiham ediblər. Hazırda Tiqrayın cənubunda və Amharanın şimalında döyüşlər gedir.
DOĞRU.AZ