Avtomobil üzrə ekspert Roman Soldatov qarlı hava şəraitində sürücülərin avtomobillərini qardan necə çıxara biləcəyi ilə bağlı tövsiyələr verib.
Doğru.az xəbər verir ki, Soldatov bu barədə RT-yə açıqlamasında bildirib ki, sürücü avtomobilin qarda ilişdiyini anladığı anda irəli doğru sürətlənməyə çalışmamalıdır. Onun sözlərinə görə, bu cəhd vəziyyəti daha da ağırlaşdıra bilər.
“Əgər irəli hərəkət artıq mümkün deyilsə, geriyə doğru hərəkət etməyə və avtomobilin əvvəl ilişdiyi hissə ilə geri qayıtmağa çalışmaq lazımdır”, – deyə ekspert vurğulayıb.
Soldatov qeyd edib ki, avtomobil tam ötürücülü sistemlə təchiz olunubsa, bu rejim mütləq işə salınmalıdır. Onun sözlərinə görə, növbəti mərhələdə avtomobili yüngül şəkildə “yelləmək” kömək edə bilər.
“Qazı və ya əyləci kəskin basmaq olmaz. Qarı sıxlaşdırmaq üçün bir az irəli, sonra isə geri hərəkət etmək lazımdır”, – deyə o əlavə edib.
Ekspert bildirib ki, bu üsullar nəticə verməzsə, avtomobilin altındakı və qarşısındakı qarın qazılması, eləcə də təkər tağlarının təmizlənməsi üçün kürəkdən istifadə etmək məsləhətdir.
DOĞRU.AZ




























