Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Doğru.az xəbər verir ki, Unikal.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən proses şahid ifadəsi ilə davam etdirilib.
Şahid A.F. ifadəsində Aybəniz Xəlilovanı şəxsən tanımadığını, onu yalnız sosial şəbəkələrdən iş adamı Xalid Kərimovun yaxını kimi tanıdığını bildirib. O, həmçinin qeyd edib ki, bu işlə bağlı heç bir polis bölməsində və ya müstəntiq yanında ifadə verməyib. Şahidin ibtidai istintaq zamanı verdiyi iddia olunan ifadə məhkəmədə elan edildikdən sonra o təəccübünü gizlətməyib:
“Bu ifadədən xəbərim olmayıb, heç yerdə ifadə verməmişəm və heç yerə imza atmamışam”.
Şahid istintaqdakı sənədlərdəki imzaların onun imzasına oxşadığını desə də, həmin ifadələrdən və imzalardan xəbərsiz olduğunu bir daha vurğulayıb. Bildirilib ki, o, meyxanaçı Elşən Xəzərin qızıdır və şəhid, qazi ailələrinə ərzaq və digər yardımlar göstərir. Zərərçəkən Xalid Kərimovu da yalnız həmin xeyriyyə fəaliyyətləri çərçivəsində tanıdığını, başqa əlaqəsinin olmadığını deyib.
Şahidin adından yazıldığı iddia edilən ifadədə isə Aybəniz Xəlilovanın onun Xalid Kərimovla yaxınlığını əsas gətirərək fotoları sosial şəbəkələrdə yaymaqla şantaj etdiyi göstərilib.
Növbəti məhkəmə prosesi mayın 5-nə təyin edilib.
Xatırladaq ki, Xalid Kərimov Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək Aybəniz Xəlilovanın ondan hissə-hissə olmaqla 836 min manat tələb etdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət işi başlanıb.
DOĞRU.AZ


























