Fransada fermerlər çərşənbə axşamı – 16 dekabr tarixində ölkə üzrə genişmiqyaslı etiraz aksiyalarını davam etdiriblər. Etirazlar düyünlü dermatoz xəstəliyinə yoluxmuş mal-qaranın kəsilməsinə, eləcə də Merkosur ilə razılaşmaya qarşı yönəlib.
Doğru.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, səhər saatlarından etibarən bir sıra əsas avtomobil yolları, o cümlədən ölkənin cənub-qərbində A64, Aveyronda A75, Dordognedə A89 və Pireney-Atlantikdə A65 magistralları bağlanıb. Bir neçə hissədə ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan edilib, bəzi ərazilərdə isə bağlanmaların uzunluğu 180 kilometrə çatıb.
İl-de-Frans bölgəsində fermerlər İvelin departamentində RN12 magistral yolundakı qovşağı bağlayaraq təxminən 2 kilometrlik tıxac yaradıblar. Jandarma traktor karvanlarını müşayiət edir, etirazçıların isə günortaya qədər ərazidə qalacağı bildirilir.
Bundan başqa, fermerlər Villefranş-de-Lauraqaisdə dəmir yolu keçidini də bağlayıblar. Zibilin relslərə atılması nəticəsində dəmir yolu nəqliyyatında fasilələr yaranıb. Etiraz aksiyaları Avinyon, Kastenodari, Strasburq və Trua şəhərlərində də davam edir.
DOĞRU.AZ




























