Meningokok infeksiyası ciddi fəsadlara, bəzi hallarda isə ölümə səbəb ola biləcək təhlükəli xəstəlikdir. Bu barədə “Gemotest” laboratoriyasının həkimi və eksperti Yekaterina Demyanovskaya RT-yə müsahibəsində xəbərdarlıq edib.
Doğru.az xəbər verir ki, mütəxəssis infeksiyanın əsas formalarının nazofarenjit, meningit və meningokok sepsisi olduğunu bildirib. Meningokok sepsisi xüsusilə təhlükəlidir, çünki bakteriyalar qan dövranına daxil olaraq dəridə, daxili orqanlarda mikrosirkulyasiya pozuntularına səbəb ola bilər.
Yekaterina Demyanovskayanın sözlərinə görə, meningitin əlamətləri arasında yüksək hərarət, şiddətli baş ağrısı, işığa həssaslıq (fotofobi), ürəkbulanma, qusma və şüur pozuntusu yer alır.
Meningokok sepsisində isə titrəmə, güclü halsızlıq və dəriyə yayılmış qanaxmalar (hemorragik səpgilər) müşahidə olunur. Bu səpgilər sonradan nekrotikləşərək cərrahi müdaxilə tələb edə bilər.
Xəstəliyin inkubasiya dövrü 1 gündən 10 günə qədər olsa da, əlamətlər bir neçə saat ərzində sürətlə inkişaf edə bilər.
Həkim, xüsusilə immun sistemi zəif olan şəxslərin, uşaqların, yaşlıların və sıx kollektivlərdə (yatılı məktəblər, hərbi hissələr və s.) yaşayanların yoluxma riskinin daha yüksək olduğunu qeyd edib.
DOĞRU.AZ