image-n1karobka_ads
image-123
image-17177888891821925396_1200x630backend

Heydər Əliyev Mərkəzində “Təbəssüm bağı” sərgisi açılıb – FOTO

İyunun 7-də Heydər Əliyev Mərkəzində tanınmış çinli rəssam Yüe Mincünun “Təbəssüm bağı” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın “Avtoportret” və “Güllər” silsilələrinə aid əsərləri – rəsm və heykəltəraşlıq nümunələri təqdim olunur.

Açılış mərasimindən əvvəl rəssam Yüe Mincünun jurnalistlərə müsahibəsində əsərlərində bir insanın həyatında baş verən hansısa bir hadisəni gülüş vasitəsilə ifadə etməyə çalışdığını deyib. “Rəsmləri ilk dəfə gördükdə orada təsvir olunan insan seyrçilərə xoşbəxt görsənə bilər, lakin diqqətlə baxanda tamamilə fərqli mənzərə yaranır. Təbəssüm həmişə xoşbəxtliyi simvolizə etmir, o həmçinin fərqli bir məna daşıya bilər”, – deyə fırça ustası bildirib.

Azərbaycana ilk dəfə gəldiyini söyləyən rəssam Bakı şəhərinin fərqli arxitekturaya sahib olduğunu qeyd edib.

Müasir Çin incəsənətinin tanınmış nümayəndəsi olan Yüe Mincünun “Avtoportret” silsiləsindən olan əsərləri dünya incəsənətində əks-səda yaradıb. Həmin silsilədə yaradılan obrazların hamısında geniş təbəssümlü insanlar təsvir olunub. Bəziləri həmin təbəssümü “istehza gülüşü” adlandırır, digərləri isə onun dramatik və kədərli olduğu qənaətindədir. İstənilən halda, həmin obrazlardakı təbəssümlər dərhal yaddaşlara həkk olunur.

Rəssamın digər məşhur silsiləsi “Güllər”di. Həmin əsərlərdə COVID-19 pandemiyasının səbəb olduğu məhdudiyyətlərin yaratdığı fəsadlar rəssamın təxəyyülünə uyğun əks olunur. Belə ki, bu incəsənət nümunələrindəki obrazların üzünü tibbi maska deyil, güllər bağlayır.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov Azərbaycan və Çin münasibətlərinin hər zaman inkişaf etdiyini və indiki zamanda mədəniyyət sahəsində olan əlaqələrin ən səmərəli dövrünü yaşadığını vurğulayıb. “Son illər Heydər Əliyev Fondu tərəfindən Çin Xalq Respublikasında bir çox layihələr və sərgilər təşkil olunub. Mərkəz Çin incəsənətinin tanınması, təbliği istiqamətində hər zaman böyük layihələrə imza atılıb. Nümunə olaraq, Çin incəsənətinin tanınmış nümayəndəsi, rəssam Vanq Yuyanqın fərdi sərgisinin bir neçə il öncə Mərkəzdə nümayiş olunmasını göstərmək olar. Ümid edirik ki, budəfəki sərgi də ziyarətçilər arasında böyük maraqla qarşılanacaq”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Çin rəssamlarının əsərlərinin son 30 ildə dünya sənətinə təsir etdiyini deyib: “Bu ölkənin fırça ustaları müasir sənəti ən yüksək səviyyədə dünyaya çatdırırlar”.

Honq Konq şəhərindəki Tanq Müasir İncəsənət Məkanının direktoru xanım Van Yi Yip bildirib ki, fərdi sərgidə yer alan əsərlər Yüe Mincünun bütövlükdə incəsənətə yanaşmasını göstərir. “Bu sərginin təşkil olunmasında iştirak etmək mənim üçün böyük şərəfdir”, – deyə Van Yi Yip əlavə edib.

Rəssam Yüe Mincün öz növbəsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Mərkəzinə təşəkkürünü bildirib. O, sərgi üçün mövzu seçərkən bir neçə variantı nəzərdən keçirdiyini və yekun olaraq “Təbəssüm bağı” adlandırmağa qərar verdiyini söyləyib. Rəssam bu layihənin ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Yüe Mincünun Çinlə yanaşı müxtəlif ölkələrdə – ABŞ, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, Xorvatiya, İndoneziya, İslandiya, İspaniya, İsveçrə, İtaliya, Koreya, Kuba, Niderland, Sinqapur, Tailandda fərdi sərgiləri keçirilib, əsərləri dünyanın tanınmış qalereya və muzeylərinin kolleksiyalarında yer alıb.

Yüe Mincünun Heydər Əliyev Mərkəzində nümayiş olunan “Təbəssüm bağı” sərgisi oktyabrın 27-dək davam edəcək.

DOĞRU.AZ

image-17177888895164648281_1200x630 image-1717788889389317005_1200x630 image-17177888892237010041_1200x630 image-17177888894116618590_1200x630 image-17177888895268746617_1200x630 image-17177888895561520497_1200x630 image-17177888895496451520_1200x630 image-17177888892160359869_1200x630 image-17177888894811064494_1200x630 image-17177888893717137919_1200x630 image-17177888893767826808_1200x630 image-1717788889767811007_1200x630 image-1717788889997424571_1200x630 image-17177888896033819683_1200x630 image-17177888893284058517_1200x630 image-17177888896065119313_1200x630 image-17177888893432547741_1200x630 image-1717788889533658322_1200x630 image-17177888892654450909_1200x630 image-17177888891929861346_1200x630 image-17177888893771667_1200x630 image-1717788889104376512_1200x630 image-17177888895237412093_1200x630 image-17177888896304610472_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki