İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə gərginliyin artmasından bəri İsrailə qarşı “ən böyük və ən güclü” hücumun həyata keçirildiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, İran hücum zamanı yeni “Xorremşəhr” tipli raketlərdən istifadə edib. İranın Press TV telekanalının məlumatına görə, 2 tonluq döyüş başlığına malik bu raketlərlə Təl-Əviv və Hayfa şəhərlərində yerləşən hədəflər vurulub. Hücumdan sonra Təl-Əvivin bəzi rayonlarında elektrik enerjisinin qismən kəsildiyi bildirilir.
Eyni zamanda, iranlı pilotsuz uçuş aparatlarının Bağdadda yerləşən ABŞ-ın diplomatik dəstək mərkəzinə hücum etdiyi iddia olunur. The Washington Post yazır ki, həmin mərkəz İraq hərbi bazalarının və Bağdad beynəlxalq hava limanının yaxınlığında yerləşir.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının Şayba neft yatağında güclü partlayış baş verdiyi bildirilib. Məlumatlara görə, İordaniya və Qətər ərazilərində də raket zərbələri qeydə alınıb. Həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına hücumların davam etdiyi qeyd olunur. Bundan başqa, ABŞ-ın Küveytdə yerləşən “Ərifcan” hərbi bazasına doğru iki raketin buraxıldığı bildirilir.
İranın ABŞ-la danışıqların yenidən bərpası üçün üç əsas tələb irəli sürdüyü də açıqlanıb. Bu tələblərə müharibənin yenidən başlamayacağına dair zəmanətlərin verilməsi, İranın tam nüvə yanacağı dövriyyəsini əldə etməsi və kompensasiya ödənilməsi daxildir.
DOĞRU.AZ


























