Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunun antisemitizmə dair ittihamlarına sərt reaksiya verib.
Doğru.az xəbər verir ki, Le Monde nəşrinin yayımladığı məktubda Makron Netanyahunun Parisin antisemitizmi qızışdırdığı barədə sözlərini “bütün Fransanın təhqiri” adlandırıb.
Xatırladaq ki, Netanyahu əvvəlki məktubunda son aylarda Fransada baş verən bəzi “antisemit hadisələri”nə diqqət çəkmişdi. Cavabında Makron israilli həmkarını antisemitizm anlayışını siyasi məqsədlər üçün manipulyasiya etməkdə günahlandırıb.
“Yəhudi soydaşlarımızı antisemitizmin yüksəlişindən qorumaq əvvəldən işimdə mütləq prioritet olub”, – Fransa lideri bildirib və prezidentliyi dövründə yəhudilərin müdafiəsi istiqamətində atılan addımları xatırladıb.
Qeyd edək ki, avqustun əvvəlində Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman da Makronu Qəzza razılaşmasını pozmaqda ittiham etmişdi.
DOĞRU.AZ