Türk Akkreditasiya Qurumunun (TÜRKAK) 22 dekabr 2025-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin akkreditasiyası yenilənib.
Doğru.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti AZƏRTAC-a məlumat yayıb. Qərar mərkəzdə aparılan tədqiqatlarda istifadə olunan metodların standartlaşdırılması və ISO/IEC 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üzrə ümumi şərtlər” standartına uyğunluq çərçivəsində keçirilmiş auditin yekun rəyinə əsasən qəbul edilib.
Bildirilib ki, 2012-ci ildən etibarən aparılan akkreditasiya prosesi çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzində keyfiyyət idarəetmə sisteminin davamlı fəaliyyəti təmin olunub, laboratoriyaların işi beynəlxalq standartlara uyğunlaşdırılıb və ekspertlərin peşəkar hazırlığının artırılması istiqamətində tədbirlər görülüb.
Hazırda mərkəzdə ballistik, trasoloji (o cümlədən daktiloskopik), əlyazmaların və sənədlərin texniki ekspertizası sahələri üzrə 6 ekspert ixtisası üzrə 16 tədqiqat metodu ISO 17025 standartına uyğun akkreditə olunaraq beynəlxalq səviyyədə tanınır. Digər tədqiqat metodlarının akkreditasiyası istiqamətində işlər davam etdirilir.
DOĞRU.AZ




























