“AZCON Holding”ə daxil olan “Bakı Metropoliteni” QSC Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə start verir.
Doğru.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC AZƏRTAC-a məlumat yayıb. Bildirilib ki, 1985-ci ildə istismara verilmiş stansiyanın sözügedən keçidində istismar müddətini başa vurmuş və korroziyaya məruz qalmış kabançik tipli divar üzlükləri, eləcə də döşəmə örtüyü yenilənəcək.
Təmir işləri çərçivəsində keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq. Texniki göstəricilərini qoruyub saxlayan mövcud mərmər üzlüklər isə saxlanılacaq. Döşəmədə 370 kvadratmetr sahədə mozaika üzlük qranit materialla əvəz ediləcək.
Təhlükəsizlik tələblərinin təmin olunması və işlərin daha operativ aparılması məqsədilə stansiyanın 4-cü çıxışı təmir müddətində müvəqqəti olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlı olacaq. Bununla yanaşı, keçidin özü yarısı açıq saxlanılmaqla qismən istifadəyə veriləcək.
Qeyd olunub ki, təmir işlərinin ən qısa müddətdə yekunlaşdırılması planlaşdırılır. Xatırladaq ki, ötən ilin avqust ayında “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində yerləşən keçidi və giriş-çıxışları əsaslı şəkildə təmir edilmişdi.
DOĞRU.AZ




























